Ağdam-Füzuli yolunda mikroavtobus aşıb: 20 yaralı | YENİLƏNİB

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb:  20 yaralı | YENİLƏNİB
  09 İyul 2025    Oxunub:1576
"Qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub".
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AzVision.az-a məlumat verilib:

"Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları" ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyar elektron qaydada "AYNA" informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq",

* * *

11:02
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
TƏBİB-dən AzVision.az -a məlumat verilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

* * *

09:14
Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, hadisə zamanı avtomobildəki 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza  



Xəbər lenti